525.az-a müsahibə

“Çəkilən hər bir foto gələcəkdəki keçmişin bələdçisidir” – Müsahibə

GƏNC FOTOQRAF ELXAN QƏNİYEV: “HƏMİN GÜN SEVGİNİN SON ŞƏKLİNİ ÇƏKMİŞDİM”

Hər gün sosial mediada qarşımıza çıxan, gözümüzü oxşayan fotoların müəllifləri bu fotolar üzərində bəzən günlərlə vaxt və əmək sərf edirlər, hər mənzərədəki gözəlliyi fərqli baxış bucaqlarında tapıb fotoya çevirirlər. Ancaq bu iş elə də asan başa gəlmir. Bəzən bir fotonun uğruna həyatlarını da riskə atırlar.

Fotoqrafiya sənətinin maraqlı və çətin tərəflərini fotoqraf Elxan Qəniyevlə müsahibəmizdə müzakirə etmişik.

***

– Sosial şəbəkələrin imkanlarından nə dərəcədə razısınız?

– Bu gün sosial şəbəkələr həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Bundan əvvəl sosial medianın olmadığı zamanlarda insanlar öz əsərlərini yalnız qəzet və sərgilərdə nümayiş etdirirdilər. Bu da izləyici kütləsini müəyyən çərçivəyə salırdı. İndi isə sosial şəbəkələr insan öz istedadını nümayiş etdirməyə çox böyük imkan yaradır.  Sosial şəbəkələrin bir üstünlüyü də baş verən hadisələrin ictimaiyyətə operativ çatdırılmasıdır. Hazırda Qarabağ müharibəsi zamanı da biz bunun şahidi oluruq.

– Gənclərimizin sosial medianı istifadə tərzini necə qəbul edirsiniz?

– Sosial medianın Azərbaycan seqmenti ilə digər ölkələrin seqmentini müzakirə etsək, görərik ki, biz cəmiyyət olaraq sosial şəbəkələrdən düzgün şəkildə istifadə edə bilmirik. Təsadüfi deyil ki, Tvitter kimi dünyaca məşhur platforma Azərbaycanda o qədər də geniş istifadə olunmur. Bu kimi vacib nüansları nəzərə almaq, dünyanın ritminə uymaq lazımdır.

– İxtisasınız stomatoloqdur, amma fotoqrafçılıqla məşğul olursunuz. Necə oldu ki, bu sahədə çalışmağa qərar verdiniz?

– Uşaqlıqdan hər zaman nəyisə düzəltməyi, fərqli yerləri kəşf etməyi sevirdim. Fotoqrafçılıqla məşğul olmağa başlamağımın da əsas səbəbi budur. Məncə, insan hansı peşəni sevirsə, o peşəyə yiyələnməlidir.

– Bu sahəni seçməyinizə ailəniz necə münasibət göstərdi?

– Mən İsmayıllı rayonundanam, orada balaca bir motosikletim var idi. Bütün günü o motosikletlə yeni kəşflərə çıxırdım. Ailəmdən öz sənətim üzrə işləmədiyim üçün boş yerə vaxt itirməyimlə bağlı tənqidlər gəlirdi. Bir dəfə məndən İsmayıllı ilə bağlı şəkillər istədilər, mən də həmin şəkillərdən müəyyən qədər qazanc əldə etdim. Bu sahədə uğurlar əldə etdikdən sonra ailəm də razı oldu. Çünki valideynlərin tək istəyi övladlarını xoşbəxt görməkdir.



– Bu günə qədər kadra aldığınız fotolardan hansı sizin üçün daha təsirli olub? Elə olubmu ki, hansısa şəkli çəkərkən duyğulanmısınız?

– Əslində, belə təsirli kadrlar çox olub, ancaq sizə onlardan ikisini deyim. Bir dəfə “28 mall” ticarət mərkəzi tərəfdə idim. Həmin gün bərk yağış yağırdı, piyada keçidini su başmışdı. Orada bir mənzərə diqqətimi çəkdi. Bir gənc oğlan sevdiyi xanımı qucağına alıb yolun digər tərəfinə keçirdi. Mən də həmin kadrı çəkib sosial şəbəkədə paylaşdım. Bir müddət sonra bir çox böyük səhifələr də bu şəkli paylaşmağa başladı və şəkil hədsiz dərəcədə marağa səbəb oldu. Bunun üzərindən təxminən bir həftə keçmişdi. Həmin xanım sosial şəbəkədə mənə yazdı və oğlanın rəhmətə getdiyini deyib şəklin orijinalını istədi. Bu hadisə mənə çox təsir etmişdi. Düşünürəm ki, həmin gün sevginin son şəklini çəkmişdim.

Bir dəfə də yolda gedərkən bir yanğınsöndürən maşının İsmayıllının Təzəkənd kəndi istiqamətində irəlilədiyini gördüm. Düşündüm ki, orada əhəmiyyətli kadrlar ola bilər. Beləcə yanğın olan məkana çatdım və hadisələri müşayiət etməyə başladım. Bir adam xüsusilə diqqətimi çəkdi. O, öz əlləri ilə yanğını söndürməyə çalışırdı. Diqqət etdim ki, buradakı ən dəhşətli kadr budur və həmin anları kadra aldım. Bu hadisənin və o adamın məndəki təsiri böyükdür.

– Bu gün bir çox fotoqraflar müxtəlif müsabiqələrdə iştirak edirlər. Siz də hansısa müsabiqədə iştirak edirsinizmi?

– Bəli, iştirak etmişəm hətta birinci və ikinci yerlərə də layiq görülmüşəm. Amma hazırda müsabiqə həvəsində deyiləm. Nə qədər ki gənc və gümraham, daha çox fotoları çəkməklə məşğulam. Hər kəsin görməyəcəyi kadrları çəkmək istəyirəm. Hərçənd hər kəsin öz baxış bucağı var. Məncə, çəkilən hər bir foto gələcəkdəki keçmişin bələdçisidir. Mən də gələcəkdəki keçmişimin bələdçisini axtarıram. 

– Hər halda maraqlı yerlərdə çəkilişləriniz olub,  bu zaman başınıza gələn ən yaddaqalan hadisə hansıdır?

– Mən həm də Konflikt Jurnalistikası Məktəbinin tələbəsi olmuşam. Orada biz əsgərlərlə bir yerdə təlim keçirdik. Ekstremal şəraitdə necə şəkil çəkməyin qaydalarını öyrənirdim. Mən gizlin-gizlin gedib həyatda qalmağı bacarıb kadrı tutmalı idim. Fərqinə vardım ki, gün batacaq və gün batanda əsgərləri yaxşı kadra almaq olar. İrəlidə səngər var idi, onlar həmin səngərin üzərindən keçəcəkdilər. Təəssüf ki, mən səngərin kənarında məftil olduğunu görmədim. Nəticədə həmin məftillərə ilişib 2 metrlik səngərə baş üstə yıxıldım. Elə yıxıldığım yerdən yaxşı bir kadrı lentə aldım. Bu həyatımdakı ən maraqlı və tragikomik hadisə idi.

– Elxan bəy, fotolarınızdan gördüyüm qədər olduqca vətənpərvərsiniz. Vətənpərvərlik sizin üçün tam olaraq nəyi ifadə edir?



– Sevgi elə bir hissdir ki, onu sözlə ifadə etmək mümkün deyil. Çünki bu hisslər hər insanda fərqli olur. Mənim üçün Vətən sevgisi də belədir. Bu, sevgini sözlərlə ifadə etməkdə acizəm. Vətən sevgisi elə bir sevgidir ki, o, bizim ruhumuza dünyaya göz açandan möcüzəvi şəkildə aşılanır. Hazırda ölkəmizdə vətənpərvərlik hissinin ən yüksək səviyyədə olduğu günləri yaşayırıq. Bu günlər müqəddəsdir. 

– Vətən müharibəsi başlayanda siz də cəbhə bölgəsində olan rayonlara yollandınız. Orada olduğunuz müddətdə hansı hissləri keçirdiniz?

– Müharibə başlayan gündən biz bütün dünyaya vətənpərvərlik dərsi keçirik. Bir millətin yumruq kimi birləşməsinin nə cür olduğunu göstərdik. Orada gördüyüm duyğulu mənzərələr heç vaxt ağlımdan çıxmayacaq. Millətimiz əlindən gəldiyi qədər Orduya yardım edirdi. İnsanlar təkcə Orduya da yox, bir-birinə qarşı də belə rəftar edirdilər. Neçə dəfə mənə yaxınlaşıb nəyəsə ehtiyacım olub-olmadığını soruşublar. Bunlar möhtəşəm duyğulardır.

– Ən böyük arzunuz nədir?

– Təxminən 4 ay öncə Konflikt Jurnalistikası Məktəbində çəkdiyim fotoları paylaşıb ən böyük arzumun Qarabağda fotolar çəkmək olduğunu yazmışdım. İndi çox xoşbəxtəm ki, bu arzuma çatmağıma az qalıb. Qarabağda fotolar çəkib bir sərgi keçirəcəyəm və hər kəsi həmin sərgiyə dəvət edəcəyəm.

– Gələcəklə bağlı hansı planlarınız var?

– Hər kəs sənəti həmin sənətin sənətkarı kimi öyrənməlidir. Gələcəklə bağlı ən böyük planım və xəyalım dünyada tanınmış bir fotoqraf olmaqdır. Bəzən biz xarici fotoqrafların həyatlarını Azərbaycan dilinə tərcümə edib oxuyuruq. İstəyirəm ki, bir gün xarici vətəndaşlar da mənim həyatımı Azərbaycan dilindən tərcümə edib oxusunlar. 

Günel ABBAS

Leave a comment

Your email address will not be published.

en_US