Oxu.az müsahibə

Karyerasına hörümçəklə başlayan fotoqraf: Bir sevginin son şəklini çəkdim

İxtisasca diş texniki olsa da, fotoqrafiya ilə məşğuldur. Özünün dediyinə görə, nə zamansa ixtisasına qayıtmağı düşünmür. Onun üçün anı lentə köçürmək daha zövqlüdür. Fotoqrafiya ilə məşğul olduğu dövrdə özünün dəsti-xəttini yarada bilib.

Oxu.Az-ın müsahibi Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı, fotoqraf Elxan Qəniyevdir. 

– Niyə diş texniki deyil, fotoqraf olmağa qərar verdin?

– Evdən “həkim ol” deyə təzyiq edirdilər. Mən də tibb kollecinə qəbul oldum. Doğrusu, özümü heç vaxt diş həkimi kimi görməmişəm. Amma oxudum və kolleci bitirib həkim kimi işləməyə başladım. Bir müddət diş həkimliyi və fotoqrafiyanı paralel apardım. Sonra həkimliyin başını buraxdım. Artıq səkkiz ildir fotoqrafiya ilə məşğulam.

– Azərbaycan standartlarında diş texnikliyi daha gəlirli peşə hesab edilir. Yəqin, peşman olmusan…

– Xeyr. İnsan özünü rahat hiss etdiyi peşə ilə məşğul olduqda həyatdan daha çox zövq alır. Yəni yaşamı madiyyata bağlamaq olmaz. Fotoqrafiya ruhumun qidasıdır, həmişə həyatımda bir pillə öndə olub.  

– İlk dəfə nəyi çəkmisən? 

– XI sinifdə oxuyanda anam mənə “Sony” videokamera aldı. Həmin kamera ilə ilk çəkdiyim görüntü hörümçək oldu. Bu şəkil hələ də arxivimdə qalır. Yəni karyerama hörümçək fotosu ilə başlamışam.

– Niyə məhz hörümçək toru? Nəsə mistik anlamı var? 

– Sadəcə, əlimə kameranı alanda ilk qarşıma çıxan hörümçək oldu… (gülür)

– Professional fotoqraflığa necə keçdin?

– Əslində, özümü hələ də peşəkar fotoqraf hesab etmirəm. Bu, elə bir sahədir ki, insan daim yenilənməli, özünü təkmilləşdirməlidir.  Fotoqrafiyaya başlayan zaman həvəskar kimi tədbirləri,  dağları, kəndləri gəzib, simalar axtarır, tapıb çəkirdim. Belə-belə bu işdə püxtələşdim.

– Fotoqraflar arasında qiymət rəqabəti var. İlk fotonu neçəyə satmısan?

– Kommersial fotoqrafiya ilə məşğul olmuram. Mənim fotolarımı hər kəs anlamır. Amma təxminən üç il əvvəl İsmayıllı rayonunun 20 ədəd fotosunu beş min manata satdım. 

– İnsan etdiklərinə deyil, etmədiklərinə daha çox peşman olur. Sən necə? Hansı etmədiyinə peşman olmusan?

– Edə bilmədiyim bir çox şeyə görə peşmanam. Məsələn, elə kadrlar olub ki, onu çəkmək istəmişəm, üzərimdə avadanlıq olmayıb. Telefonla çəkib həmin anı heyf etməyə əlim gəlməyib. Düşünmüşəm ki, yaddaşımın bir hissəsinə həkk etmək daha yaxşıdıdır.  

– Niyə şəkil çəkirsən? Bunun sevdiyin iş olduğunu anladıq, başqa səbəb nədir? 

– Gələcəkdə keçmişi görmək üçün. Əsas çəkmə səbəbim budur. Bu gün çəkdiyim foto beş il sonra keçmişi göstərmiş olacaq. Ona görə çalışıram, gələcəkdə olan keçmişi lentə alım.  

– Səni digər fotoqraflardan seçilən edən nədir? 

– Kiminsə mənim haqqımda olan fikirlərini deyə bilmərəm. Amma fotolarımın hər biri mənə övladım kimidir. Təkcə insanın fotosunu deyil, həyatını çəkirəm. Necə? İnsanın geyimini, baxışlarını, üzüntüsünü lentə köçürməyi bacarıram. Sonradan fotolarıma baxanda çox qəribə hisslər keçirirəm. Kimsə bunu anlamaya bilər.  

– Kimin şəklini çəkmək istərdin? 

– Fərd olaraq kiminsə şəklini çəkməyə can atmamışam. Yəni hansısa məşhurun və ya simanın. Əsas istəyim odur ki, ucqar zirvədə yaşayan bir insan olsun. Hansı ki həyatın bütün mərhələlərindən keçsin və bütün yaşamı ərzində bir fotosu belə olmasın. Həmin insanın üz cizgilərini, əllərinin qırışlarını çəkmək istərdim. Bir sözlə, bu tarixi yazmaq. 

– Gələcək üçün planların nədir?

– Fotoqrafiyada sənətimə görə tanınmaq istəyirəm. İnsanlar fotolarıma baxanda foto deyib keçməsinlər. Duyğularımı hiss etsinlər. Əgər bir foto ilk baxışdan insana hər hansı bir hiss ötürürsə və beyni fotoqrafın nə demək istədiyini anlayırsa, demək, sən artıq mesajını vermisən.  

– Bir müddətdir dövlət orqanlarında işləyirsən. Daha çox məmurları çəkirsən. Bu, səni çərçivəyə salmır? 

– Əksinə. Hazırda fotoqraf kimi Kənd Təsərrüfatı Nazirliyində çalışıram. Həftənin, demək olar ki, yarısını bölgələrdə oluruq və fermerlərlə görüşürük. Onların təsərrüfatlarını, gördüyü işləri lentə köçürürəm. Pullarını halal zəhmətləri ilə qazanan bu zümrənin fiziki görünüşlərində bir saflıq var. Doğrusu, bunu çəkməkdən zövq alıram.

– Qadınları çəkmək asandır, yoxsa kişiləri?

– Kişiləri çəkməyi bacarmıram. 

– Səbəb? 

– Mənim aspektimdən baxanda kişinin borcudur ki, qadını kəşf etsin. Mən, sadəcə, qadınları çəkə bilərəm. 

– Buna görə bir müddət əvvəl nuart çəkirdin?

– Qadınları, əsasən, çılpaq çəkmişəm, onların zərifliyini, fizikasını. Bilirsiniz, insan görmədiyi cismi estetik çəkə bilməz. Amma artıq nuart çəkmirəm.

– Fermerlər daha maraqlıdır? 

– Qadınlara hər zaman vaxt ayırmaq olar. Hazırda çox məşğulam.

– Mükafatların olubmu? 

– İslam Oyunlarına görə dəyərləndirilmişəm. Bundan əlavə, çəkdiyim yanğın fotosu mükafata layiq görülüb. Yəni kiçik-kiçik mükafatlarım olub. Sertifikatlarım həddən çoxdur.

Eyni zamanda, Türkiyədə sərgim keçirilib. ASAN və ABAD-ın sərgisində 100-ə yaxın fotom sərgilənib.

– Yarışlara qatılırsan? 

– Yox. Səbəb vaxt amilidir. Hələlik çəkirəm. Bir dövr gələcək, mən artıq çəkməyə deyil, mükafat qazanmağa üstünlük verəcəyəm. O zaman sandığımı açacam. 

– Deyəsən, sandıqda çox şey var…

– (gülür) Təbii ki.

– Fotoqrafiyada kumirin kimdir? 

– Reza Deghati. Onun çəkdiyi fotoları görərkən öz fotolarıma baxanda yaşadığım hissləri keçirirəm. O insan mənə müəllim kimidir. Çəkdiklərindən zövq alıram.

– Müharibə zamanı fotoqraflıq etmək istəyərsən? 

– Konflikt jurnalistikası məktəbi var. Həmin məktəbin tələbəsi olmuşam. Bu təlimlərdən çox zövq aldım. Düzdür, orada hər an ölümlə üz-üzə ola bilərsən. Çünki kiçik səhv ölümə səbəb ola bilər. Amma riski sevməyən insan yoxdur, məncə.

Risk edib bir foto çəkə bilərsən və bu, sənin bütün həyatını dəyişə bilər. İstər sağ qal, istərsə də həlak ol. Əsas odur, tarixə yazılasan. Bütün insanlıq onsuz da üç əsrdən bir silinir. Tarixdə qalan fotolar olur. 

– Kevin Karter adında fotoqraf Afrikada zəiflikdən ölmək üzrə olan uşağın və onun ölməsini gözləyən yırtıcı quşun şəklini çəkmişdi. Sən onun yerində olsaydın, uşağa kömək edərdin? 

– Doğrusu, mən də uşağı xilas etməzdim və  fotonu çəkərdim. Bir fotonun ictimaiyyətə verdiyi mesaj daha böyükdür. Həmin fotoya görə Afrikaya çoxsaylı yardım etdilər. Yəni bir uşağın ölümü ilə minlərlə uşaq xilas edildi. Onsuz da həyat insanı alır. Bir insana qarşı bütün insanlığı xilas etmək daha vacibdir.

İnsanlar deyir, foto nədir ki? Amma foto çox şeyi dəyişdirə bilər. Bunun çoxlu nümunələri var. 

– Amma Karter 1994-cü ildə “Pulitzer” mükafatını aldıqdan üç ay sonra intihar etdi. Yəni vicdanının səsinə və ictimai təzyiqlərə dözmədi…

– Mənim düşüncəmə görə, fotoqraf hadisələrə bir az səthi yanaşmalıdır. Karter həmin anın milyonlarla uşağın həyatını xilas edəcəyini bilirdi. 

– Şəkil çəkdiyin zaman başına gələn maraqlı əhvalat varmı, hansı ki onu unutmursan? 

– Bir dəfə yağışlı havada “28 May” metrostansiyası ətrafında gəzişirdim. Piyada keçidindən bir qızla oğlanın keçdiyini gördüm. Yer o qədər su idi ki, oğlan qızı qucağına alıb yolu keçməyə çalışdı.

Onların bu anını lentə köçürdüm. Şəkil bütün media tərəfindən paylaşıldı. Bir müddət sonra həmin xanım mənə yazdı ki, oğlan hardasa atışma zamanı rəhmətə gedib. Məndən fotonu istədi. O foto həyatım boyu yaddaşımdan silinməyəcək tarixçəyə çevrildi. Fotoya hər dəfə baxanda düşünürəm ki, bəlkə də, o sevginin son şəklini çəkmişəm.

– Güclü kameraya malik mobil telefonlar bazara çıxdıqdan sonra düşünmürsən ki, fotoqrafiyanın taxtı əlindən alınır? 

– Mobil telefonlar artıq kameralarla rəqabətə girə bilir. Ancaq telefon hər mexanizmə malik olsa da, insan beyni kimi düşünə bilməz. Yəni hiss keçirəcəyin bir foto verə bilməz. Ümumiyyətlə, hər şey texnikadan deyil, fotoqrafdan asılıdır. 

– Olubmu fotonun yaxşı alınması üçün vəziyyəti özün yaratmısan? 

– Mən monotonluğa üstünlük verirəm. Təbiilik itməməlidir. Fotoqraf görüntüyə dəyişiklik edib lentə alırsa, həmin fotoya görə mükafat da alsa, içində bir qırıqlıq olacaq. 

– Anı tutmaq, yoxsa izləmək? Sənin üçün hansı vacibdir? 

– İzlətdirmək. Fotoqraf həmişə aksiondan kənarda olur.

– Yəni üzülmürsən ki, gözəlliyi kiçik bir pəncərədən izləyirsən?

– Mənim üçün o pəncərədən baxmaq həyatda gördüyüm ən zövqlü işdir. Həyat onsuz da bir pəncərədir, insanlarsa qatar. Zaman qatardan baxanda pəncərə önündən keçən mənzərə kimi axır.

– Maraqlıdır, anı on kadr çəkməklə tutursan, yoxsa bir?

– İdman yarışlarında çox iştirak etmişəm. Mənə çatmayan məqam fotoqrafların effektiv kamera ilə saniyədə 12 şəkil çəkmələridir. Saniyədə insan nə qədər hərəkət edə bilər ki, 12 kadra yeləşsin. Fotoqrafiyada bir kadr çəkməyə alışmaq lazımdır. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *