Ted.az İllərin müqayisəsi: “Canon” – “Nikon” – FOTOQRAFLARIMIZ NƏ DEYİR?

Fotoqraf və video dünyasının iki nəhəng markası şübhəsiz ki, Canon və Nikondur. Bəs bu ikisindən hansını seçməliyik və niyə? Bu sualı fotoqraf kimi fəaliyyət göstərən, bu işə yeni başlayan, ətrafdan eşidən hər kəs soruşa bilər. Əslində isə ikisinin də bir-birindən fərqli xüsusiyyətləri var.

İllərin müqayisəsinə bir az da olsa aydınlıq gətirmək üçün TED.az olaraq bir neçə fotoqrafın fikirlərini öyrənməyə çalışdıq.

Kənd Təsərüffatı Nazirliyinin fotoqrafı Elxan Qəniyev nə ilə çəkildiyi deyil, necə çəkildiyi önəmlidir fikirlərini qeyd edir: “Əslində bu bir qədər absurd sualdır. Çünki hər sahənin sözsüz ki, müqayisə  oluna bilməyəcək bir yanı var. Artıq 8 ildir bu sahə ilə məşğulam. “Nikon” markalı  fotoaparatdan  istifadə  edirəm. Nəyə görə “Nikon”? Çünki “Nikon” realistdir. Real nə görürsünüzsə onu sizə verir və onun üzərində düzəliş işləri aparmaq daha rahat olur. Amma bu fotoaparatların seqmentindən asılı olaraq da dəyişir. Həm Nikonun, həm də “Canon”-un üstün özəlliklərə sahib markaları  var. “Canon”-un  ən son modeli olan “1dx mark 2” və “Nikon”-un ən son modeli olan “D5” ilə  eyni parametrlərlə çəkiliş etdikdə görürəm ki, aralarında fərq var. Məsələn: Nikon 2 stop “Canon”-a nəzərən işıq alma bacarığına malikdir və daha qaranlıq məkanlarda daha keyfiyyətli işlər çıxarır. “Canon” isə bu işdə məni bir az daha geridə qoyur və onun rənglərində mənim sevmədiyim xüsusiyyətlər var. Çünki “Canon” çəkiliş zamanı rənglər üzərində işləmələr edir. Yəni məsələn hər hansı qırmızı rəng varsa fotoda onu ideal qırmızı rəngə çevirib sizə təqdim edir və bu da bəzi məqamlarda insanlar üçün o dərəcədə də uyğun deyil. Bunu bütün markalarına aid etməkdə düzgün deyil, amma 50-60 % “Canon” markalı fotoaparatlarda bu belədir. “Canon”-un və “Nikon”-un ən böyük problemlərindən biri, “Canon” sarıya, “Nikon” isə qırmızı rəngə daha çox “çalır”. Amma, bunlar da artıq son cıxan modellərdə o qədər də problem halına çevrilmir.

İnsan fotonu çəkəndə kamerası ilə deyil, ruhu ilə çəkir. Önəmli olan fotonun insanlara necə çatdırılmasıdır. Təbii ki, ahəng önəmli məsələdir. Bu fotoqrafın yaradıcılığından asılı olan məsələdir. Heç kim deyə bilməz ki, “Canon” pisdi və ya “Nikon” yaxşıdır, həmçinin əksinə. Hər bir markanın hər şeydə olduğu kimi həm mənfi, həm də müsbət xüsusiyyətləri var. Hətta ən bahalı fotoaparatın belə mənfi xüsusiyyətləri var. Bəzi  fotoaparatlar var ki, 100 meqapikseldir, lakin sürəti yavaşdı, elə kamerada var ki, 16 meqapikseldir amma onun sürəti digər fotoaparatdan qat-qat yüksəkdir. Yəni qısacası bu zövq məsələsidir”.

Leave a comment

Your email address will not be published. Required fields are marked *